Kənd təsərrüfatı binaları, tikililəri və sair əmlakların sığortası

  Mülkiyyət formasından asılı olmayaraq sığortalıya məxsus binalar, tikililər, qurğular, avadanlıqlar, inventarlar, xammal-materiallar, kənd təsərrüfatı texnikaları, hazır məhsullar və s.əmlaklar sığorta obyekti sayılır.

  Hazırda mövcud qanunlara görə, kənd təsərrüfatında əkinlər və kənd təsərrüfatı heyvanları təbii fəlakətlərlə yanaşı, xüsusi təhlükəli ziyanvericilərin yayılmasından və hücumundan, yoluxucu xəstəliklərdən, habelə üçüncü şəxsin qəsdən hərəkətlərindən də sığortalanır. Bu sığorta növündə kənd təsərrüfatı təyinatlı bina, tikili, qurğu və avadanlıqlar, habelə fermerlərə lizinq yolu ilə verilmiş kənd təsərrüfatı texnikası olan maşın və mexanizmlər, nəqliyyat vasitələri isə qəza hadisələrindən sığortalanırlar. Həmçinin aqrolizinq yolu ilə muxtar respublikamıza gətirilmiş və sahibkarlara verilmiş cins malların da dövlət sığorta orqanları tərəfindən sığortası aparılır. Bunlardan əlavə, sığorta olunan digər kənd təsərrüfatı obyektləri kənd təsərrüfatı bitkilərinin məhsulları, iribuynuzlu və xırdabuynuzlu kənd təsərrüfatı heyvanları, quşçuluq təsərrüfatları, arı ailələri hesab olunurlar. Kənd təsərrüfatında sığortanın belə geniş məzmunda təşkilinin məqsədi istehsalçıların mənafelərinin qorunması, onların fəaliyyətinin stimullaşdırılmasıdır. 

  Bu növ sığorta üzrə yanğın, tufan, partlayış, leysan yağış, dolu, ildırım vurması, zəlzələ, yer sürüşməsi, kənd təsərrüfatı texnikası və nəqliyyat vasitələrinin qəzası  və üçüncü şəxsin qəsd hərəkətləri nəticəsində dəyən zərərlərin ödənilməsinə təminat verilir.