Heyvanların sığortası

Bu sığorta heyvanlar xəstəlik, qəza və ya digər hallar nəticəsində məhv olduqda, yaxud zədələndikdə sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan heyvanların sığоrtasıdır.

Heyvanların könüllü sığorta müqavilələri üzrə 6 aylıqdan yuxarı yaşda iribuynuzlu heyvanlar, 1 yaşdan yuxarı atlar, qoyunlar, keçilər sığortalana bilər.

Heyvanların könüllü sığortası - onların xəstəliklər, həmçinin aşağıdakı təbii fəlakətlər və bədbəxt hadisələr: yanğın, partlayış, ildırım vurma, elektrik cərəyanının təsiri, gün yaxud isti vurma, zəlzələ, daşqın, uçqun, fırtına, qasırğa, boran, dolu, donma, boğulma, vəhşi heyvanların hücumu, zərərli otlar yaxud maddələr ilə qəflətən zəhərlənmə, ilanların yaxud zəhərli həşəratların sancması, suda batma, dərəyə düşmə, nəqliyyat vasitələrinin altına düşmə və başqa travmatik zədələnmələr nəticəsində tələf olması hallarından aparılır.