Naxçıvan şəhərində sığorta işinin təşkili müzakirə edilib

   Noyabrın 8-də Naxçıvan şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə şəhərdə sığorta işinin mövcud vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı tədbir keçirilib. Tədbirdə Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək son dövrlərdə şəhərdə sığorta sahəsində görülmüş işlərdən danışıb. Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək vurğulayıb ki, cari ilin iyun ayının 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Dövlət Baş Siğorta Agentliyi qarşısında muxtar respublikada sığorta işini təkmilləşdirməsi, könüllü sığortanın tətbiqi və səyyar xidmətin əhatə dairəsini genişləndirməsi, insanların maarifləndirilməsi, sığorta bazarında aqrar sektorun xüsusi çəkisinin artırılması tapşırığı verilib. Qeyd olunub ki, buna görə də qüvvədə olan mövcud qanunlara əsasən hər bir vətəndaş və sahibkar ona məxsus daşınmaz əmlakını, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətini icbari qaydada sığortalanmasını təmin etməlidir. Belə ki, hər bir şəxs vaxtında sığorta olunmaqla sığorta hadisələri baş verdikdə insan sağlamlığına, daşınmaz əmlaka, müəssisə əmlakına avtomobillərə dəymiş maddi zərərlərə qarşı təminat verilir, vurulmuş zərərlərin qısa müddətdə bərpa olunmasına şərait yaranır.

   Bildirilib ki, müasir dövrdə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və mədəni sahədə yüksələn inkişaf dinamikası sığortaya olan tələbi daha da artırıb. Sığortaya olan marağın artmasında vətəndaşların qarşılaşdığı gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərə görə aldığı sığorta ödənişlərinin əhəmiyyəti böyükdür. Qeyd olunub ki, muxtar respublikamızda əhali gəlirlərinin artması, iqtisadi fəallığın yüksəlməsi öz növbəsində, sığorta mınasibətlərinin də inkişafını şərtləndirir. Belə ki, müasir dövrdə insanlar evdə, işdə, yolda qarşılaşa biləcəyi hər cür gözlənilməz hadisələrdən sığorta olunmağa xüsusi əhəmiyyət verir.

   Baş direktor diqqətə çatdırıb ki, baş vermiş sığorta hadisələrinin vurduğu maddi zərərlərə görə verilən ödənişlər insanlara maddi kömək üçün mühüm bir vasitədir. Bunun üçün də sığorta sahəsində geniş izahat-maariflənlirə işlərinin aparılmasının zəruri olduğu vurğulanıb. Ötən dövrdə Naxçıvan şəhərində sığorta sahəsində görülmüş işləri təhlil edən baş direktor qeyd edib ki, sığorta fəaliyyətinin genişləndirilməsi istiqamətində görülmüş işlər nəticəsində cari ilin 10 ayında 16 min 920 sığorta müqaviləsi bağlanılıb ki, onlardan da 3 min 186 müqavilə avtonəqliyyat vasitəsi sahiblərinini mülki məsuliyyətinin icbari sığortası, 6 min 152 müqavilə isə daşınmaz əmlakın icbari sığortası üzrə olub. Bildirilib ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələrinin mülki məsuliyyətin icbari qaydada sığortalamalıdır. Həmçinin, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər könüllü sığora növlərinin də əhəmiyyəti qeyd olunaraq bu sahədə işlərin genişləndirilməsi zərurəti vurğulanıb. Tədbirdə Naxçıvan şəhərində sığorta sahəsində görülmüş işlərlə bərabər, icbari qaydada sığorta olunmalı olan daşınmaz əmlakın icbari sığortası, daşinmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslərin mövcud olduğu bildirilib. Qeyd olunub ki, ölkəmizdəki mövcud qanunlara əsasən icbari qaydada sığortlanan hər bir sığorta obyekti sığortaya cəlb olunmalıdır. Baş direktor bildirib ki, qarşıya qoyulmuş vəzifə bu sahədə maksimum nəticə əldə olunması, əhali arasında sığorta mədəniyyətinin daha da yüksəldilməsi və bu sahədə kütləviliyin təmin olunması üçün səylərin daha da artırılmasıdır.

   Tədbirdə, Naxçıvan şəhəri Polis İdarəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Rəşadət Əliyev, Naxçıvan şəhər Dövlət Yanğın təhlükəsizliyi şöbəsi rəisinin müavini, daxili xidmət mayoru Nəsimi Hüseynov Naxçıvan şəhərində icbari sığortaların vəziyyəti üzrə məlumat veriblər.

   Sonda Naxçıvan şəhəri İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tədbirə yekun vuraraq şəhərdə sığorta işinin günün tələbləri səviyyəsində aparılması istiqamətində müvafiq tapşırıqlar verib.