Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasından irəli gələn vəzifələr barədə məruzə dinlənilib

   Yanvarın 8-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində keçirilən iclasda agentliyin baş direktoru Hikmət Əsgərov çıxış edərək beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasından irəli gələn vəzifələr barədə məruzə edib. Bildirilib ki, 2019-cu ildə muxtar respublikada sığorta fəaliyyətinin daha da genişləndirilməsi, kütləviliyinin təmin olunması və vətəndaşlar arasında sığorta mədəniyyətinin inkişaf etdirilməsi üçün bir sıra işlər görülüb.

   Qeyd olunub ki, sığorta işinin daha da təkmilləşdirilməsi məqsədilə ötən il agentlik tərəfindən muxtar respublikanın hər bir rayon (şəhər) İcra hakimiyyətləri ilə ayrılıqda “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrə dair” müşavirələr keçirilib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan sürücülərin icbari sığortaya cəlb olunması məqsədilə agentliyin və Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə reydləri təşkil olunub. Həmçinin sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası və onun istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının həyata keçirilməsi və sığorta etdirməyənlərin sığortaya cəlb olunması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə sahibkarlıq subyektlərində maarifləndirici söhbətlər aparılıb.
   Diqqətə çatdırılıb ki, görülmüş işlərin nəticəsində ötən il agentlik üzrə hüquqi və fiziki şəxslərdən sığorta tədiyələrinin toplanması həcmi 2018-ci illə müqayisədə, ümumilikdə, 7,3 faiz artıb. Bu dövrdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanılmış müqavilələrin sayında 1330 ədəd, daşınmaz əmlakın icbari sığortası üzrə toplanmış sığorta tədiyələrinin həcmində 5,7 faiz, yaxud müqavilə sayında 1131 ədəd, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə toplanmış sığrta tədiyələrinin həcmində 2,8 faiz artım olub. Əmlakın yanğın və digər risklərdən sığortası üzrə toplanmış tədiyələrin həcmi 9,3 faiz artıb.
İclasda kənd təsərrüfatı sığortasının əhəmiyyətindən də bəhs olunaraq bildirilib ki, muxtar respublikada kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə 1652 sığorta müqaviləsi bağlanılıb.
   Qeyd olunub ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanmış tədiyələrin həcmi 27,6 faiz artıb.
Tədbirdə mövcud çatışmazlıqlara da toxunularaq sığorta tədiyələrinin toplanması işində rayon Dövlət Sığorta agentliklərinə qarşıdakı dövrdə daha səylə çalışmaq tapşırığı verilib. Məruzə ətrafında müzakirələr olub.